İDMAN
Qurban Qurbanov “Qarabağ”-“Dnepr” matçının yekunlarına dair mətbuat konfransı keçirib
Xəbər verdiyimiz kimi, oktyabrın 23-dən 24-nə keçən gecə Ukrayna paytaxtında, “Olimpiyski” Milli İdman Kompleksində (MİK) Dnepropetrovskun “Dnepr” və Ağdamın “Qarabağ” klubları arasında Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun matçı keçirilib.
“Qarabağ” klubu 1:0 hesabı ilə qalib gəlib. Bu oyunda yeganə qolu görüşün 21-ci dəqiqəsində Muarem Muarem (“Qarabağ”) vurub.
Oyun başa çatandan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiyski” MİK-in mətbuat mərkəzində mətbuat konfransı keçirib. Azərbaycan jurnalistləri komandamızın məşqçilər qərargahının rəhbərini gurultulu alqışlar və sevinc nidaları ilə qarşılayıblar.
Qurban Qurbanov bu şaxtalı gecədə futbolçularımızı dəstəkləməyə gələn Azərbaycan KİV-lərinin nümayəndələrinə və bütün azarkeşlərə minnətdarlığını bildirərək vurğulayıb ki, oyun gərgin mübarizə şəraitində keçib, çünki “Qarabağ” ciddi rəqiblə qarşılaşırdı. Baş məşqçi deyib ki, Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək cavab matçı da asan olmayacaq. Bununla əlaqədar, o, Azərbaycan KİV-lərinin nümayəndələrindən xahiş edib ki, futbolçularımızda “müvəffəqiyyətdən başgicəllənməsi” yaranmaması üçün onları çox tərifləməsinlər.
Sonda o, Azərbaycan və Ukrayna jurnalistlərinin suallarına cavab verib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev