İDMAN
Qurban Qurbanov: “Sent-Etyen” ilə görüş çətin keçəcək VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Avroliqanın qrup mərhələsi çərçivəsində “Sent-Etyen” – “Qarabağ” oyunu ərəfəsində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Qara Qarayev “Sent-Etyen” ilə oyunla bağlı fikirlərini bildiriblər.
Qurban Qurbanov: “Sent-Etyen” ilə görüş çətin keçəcək. Üstəlik, biz səfərdə oynayırıq. Təbii ki, bir sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, istərdim ki, sərəncamımda daha çox futbolçu olsun. Bununla belə, oyunçuları qarşıdakı mübarizəyə psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq”.
Qara Qarayev: “Matç çətin olacaq. Məsuliyyəti dərk edirik. Qələbəyə oynayacağıq. Bu oyunda xəyallar qurmamalıyıq. Beş dəqiqə ərzində xəyal qura bilərik, amma bu, bizim oyunumuza ciddi şəkildə mane ola bilər. Çox maraqlı oyun olacaq. Biz bilirik ki, “Sent-Etyen”ə qarşı görüşdə stadiona 30 mindən çox azarkeş toplaşacaq. “Sent-Etyen”in stadionu bizə Tofiq Bəhramov adına Respublika stadionunu xatırladacaq”.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” oyunu noyabrın 27-də Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.