İQTİSADİYYAT
Qurban bayramı ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçəcək
Bakı, 7 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.
M.Abdullayevin sözlərinə görə, sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və sentyabrın 10-11-dək davam edəcək.
“Müəyyən olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassada həyata keçirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində nəqliyyat vasitələrinin sayı 600-dən yuxarı olacaq və 15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”, - deyə növbə rəisi vurğulayıb.
M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.