MƏDƏNİYYƏT
“Qürbətdən gələn səslər” kitabının təqdimatı keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Bakıda keçiriləcək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. Kitab Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Adı çəkilən nəşr Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, tərcüməçi-jurnalist Aslan Kənanın tərcüməsi sayəsində ərsəyə gəlib. Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə gedən hadisələr öz əksini tapıb.
Qeyd edək ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.