CƏMİYYƏT
Qurğuşun zəhərlənməsi uşaqların əqli qabiliyyətlərinin pozulmasına gətirib çıxarır
Hesablamalara görə, qurğuşunun təsiri nəticəsində hər il təqribən 600 min uşaqda zehni geriləmə halı müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı (DST) ictimaiyyətin diqqətini bu problemə yönəltmək məqsədi ilə oktyabrın 19-dan başlayaraq qurğuşun zəhərlənməsinin qarşısını almaq üçün bir həftə ərzində tədbirlər keçirəcək.
AZƏRTAC-ın DST-nin saytına istinadən xəbərinə görə, qurğuşun zəhərlənməsi uşaqların inkişafını ləngidir, onların əqli qabiliyyətlərinin pozulmasına gətirib çıxarır, bəzi hallarda isə ölümə səbəb olur. Qurğuşun xüsusilə azyaşlı uşaqlar üçün çox təhlükəlidir, çünki bu zərərli maddə böyüklərə nisbətən onların orqanizminə 3-4 dəfə daha artıq təsir göstərir. Qurğuşun ilk növbədə beyində, qaraciyərdə, böyrəkdə, sümüklərdə, hətta dişlərdə yığılır. Nəhayət, o, sümüklərdə toplanır, hamiləlik zamanı qanla geri qayıdır və nəticədə dölə ciddi ziyan vurur. Qurğuşunun uşaq sağlamlığına mənfi təsirlərinin aşkar olunmasına baxmayaraq bir çox ölkələr hələ də boyalarda onun istifadəsini davam etdirir. Nəzərə alaq ki, bu yüksək zəhərli maddənin təhlükəsiz alternativi vardır.
Onu da qeyd edək ki, DST qurğuşunu 10 ən təhlükəli kimyəvi maddələr siyahısına daxil edib.