REGİONLAR
“Quş qripi” xəstəliyi ilə əlaqədar növbəti monitorinqə start veriləcək VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların payız miqrasiyasını nəzərə alaraq, oktyabrın 24-də növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, monitorinqin köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.
Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” və digər kəskin yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.