REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı 25 illik yubileyi münasibətilə xüsusi kompozisiya təqdim edəcək VİDEO
Quba, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı 25 illik yubileyi münasibətilə tamaşaçılarına xüsusi proqram təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, iyunun 16-da Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda təqdim olunacaq bayram tamaşasında kollektiv sevilən səhnə əsərlərindən parçalar göstərəcəklər.
“Yaradan, yaşadan teatr” adlı kompozisiya tamaşalarla yanaşı rəqslərdən, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlərdən ibarət olacaq. Səhnə əsərinin quruluşçu rejissorları Laləzar Hüseynova və Bağır Əhmədovdur. Musiqi tərtibatı isə Faiq Qardaşova məxsusdur. Yetmiş nəfərə yaxın heyətin yer aldığı bir saatlıq tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
Yubiley münasibətilə hazırlanan xüsusi proqramda multikulturalizmi təbliğ edən sərgi və folklor nümunələri də təqdim olunacaq.
Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov bildirib ki, 25 il əvvəl yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir. “Yaradan, yaşadan teatr” adlı kompozisiya da bu qəbildəndir.