REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına “Nənənin kələyi”ni göstərəcək VİDEO
Qusar, 1 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı yaxın günlərdə tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də teatrın yaradıcı kollektivi Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanan “Nənənin kələyi” tamaşasının premyerasını keçirəcək. Rejissor Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. Hazırda komediyanın məşqləri davam etdirilir. Əsərin səhnələşdirilməsi üçün xüsusi işıq effektləri və dekorasiyalar qurulur.
Musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı İlqar Burzıyev olan tamaşada əsas rolları Tamara Məmmədova, Esmira Paşayeva, Namik Mustafayev və başqa aktyorlar ifa edirlər.
Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, Qusar şəhər Mədəniyyət Evində təqdim olunacaq əsər rayonun kəndlərində də nümayiş etdiriləcək.
Teatrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunan tamaşa da hazırlanır.