REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına Milli Teatr Günü hədiyyəsi VİDEO
Quba, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi proqram təqdim edib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində kollektiv sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib.
Tamaşadan əvvəl Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri ölkəmizdə teatrın inkişaf tarixindən danışıb. Bildirilib ki, bu gün yaranmasının 143-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
Milli teatrımızın yubiley tədbirində Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən də söz açılıb. Bölgə teatrı 26 əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.
Bayram tədbirində təqdim olunan səhnə əsəri tamaşaçıların alqışları ilə qarşılanıb.
Tamaşadan sonra yerli incəsənət nümayəndələrinin və rəqqasların ifasında konsert proqramı təqdim olunub.