REGİONLAR
Qusar Turizm İnformasiya Mərkəzi xarici turistlərin bölgəyə cəlb olunmasında əhəmiyyətli rol oynayacaq
Qusar, 23 may, Elxan Yusifli, AZƏRTAC
Yeni yaradılan Qusar Turizm İnformasiya Mərkəzinin tez bir zamanda fəaliyyətə başlaması üçün işlər aparılır. Artıq mərkəz əməkdaşlarının fəaliyyət göstərəcəyi yer də müəyyənləşib. Belə ki, turizm informasiya mərkəzinin əməkdaşları Qusar şəhərindən Şahdağ Qış-Yay Turizm Kompleksinə gedən yolun kənarında yerləşən inzibati binada çalışacaqlar.
Bu barədə AZƏRTAC-a müsahibəsində Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilov məlumat verib. O qeyd edib ki, Qusarla yanaşı, Azərbaycanın digər beş müxtəlif bölgəsində də yeni turizm informasiya mərkəzləri yaradılıb. Mərkəzlərin yaradılmasının əsas məqsədi regionlarda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, eləcə də regionunun turizm potensialı haqqında məlumatların dünyanın hər bir nöqtəsinə çatdırılmasıdır.
“Qusar son illər həm yerli, həm də əcnəbi turistlər üçün çox cəlbedici məkana çevrilib. Rayonumuzda Şahdağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması da bu baxımdan əhəmiyyətli rol oynayır. Yeni yaradılan turizm informasiya mərkəzində Qusarda yerləşən istirahət məkanları, tarixi abidələr, əsrarəngiz təbiət mənzərələri haqqında məlumatlar toplanacaq. Mərkəzin nəzdində fəaliyyət göstərəcək bələdçilər vasitəsilə əcnəbilər rayonumuzu qarış-qarış gəzmək, səfalı məkanlarla daha yaxından tanış olmaq imkanı qazanacaqlar”, - deyə şöbə müdiri vurğulayıb.
D.İbrahimxəlilov bildirib ki, mərkəz fəaliyyətə başladıqdan sonra rayon ərazisində mövcud turizm marşrutları müəyyənləşdiriləcək. Bununla yanaşı, xüsusi sayt vasitəsilə insanlar dünyanın hər bir yerindən bölgənin istənilən məkanında özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə biləcəklər.