CƏMİYYƏT
Qusar gəncləri “Biznes planlama xidməti”ndən yararlanacaq
Bakı, 31 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi “Biznes planlama xidməti” proqramı çərçivəsində Qusar rayonunda növbəti təlimlərə başlayıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznes idarəetməsi, marketinq, əməyin mühafizəsi və digər mövzular tədris olunacaq. “Fərdi inkişaf və karyera planlaşdırılması” mövzusundakı təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını səmərəli şəkildə dəyərləndirmələrinə töhfə verməkdir.
Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, “Sportsman” jurnalının marketinq meneceri Nuray Acalova və Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev tərəfindən keçirilib.
Təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.