CƏMİYYƏT
Qusar rayonunda “Samur” sərhəd zastavasının açılışı olub VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla həyata keçirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə göstərdiyi ali diqqət və qayğı sayəsində Azərbaycanın sərhəd mühafizəsi davamlı dinamik inkişafa nail olub. Ölkəmizin sərhəd mühafizə infrastrukturu təkmilləşdirilir, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hər cür şərait yaradılır.
İyunun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının açılışı və yeni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən DSX rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov sərhəd zastavasının açılışı və Milli Qurtuluş Günü münasibətilə şəxsi heyəti təbrik edib. O, Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Ali Baş Komandanın göstərişlərinin icrasının DSX-nin bütün şəxsi heyəti üçün böyük şərəf və yüksək məsuliyyət olduğunu, bu hisslərin əsasında Prezident İlham Əliyevin Azərbaycan sərhədçilərinə böyük etimadının, sərhəd mühafizəsinin inkişafına xüsusi qayğısının dayandığını bildirib.
Hazırda xalqımızın Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin qürurunu yaşadığı, bu Oyunların ölkəmizdə keçirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində mümkün olduğu, müstəqil dövlətimizin qüdrətinin növbəti təntənəsi, dünya birliyindəki böyük nüfuzunun parlaq təzahürü kimi qeyd edilib.
Tədbirdə, həmçinin binanın əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilməsində iştirakına görə “Azərsun Holdinq” şirkətinə minnətdarlıq bildirilib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə tanış olublar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Sərhəd zastavasına baxış keçirildikdən sonra yeni inşa ediləcək sərhəd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilib.
Tədbirin sonunda qonaqlar əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar ediblər.