CƏMİYYƏT
Qusar rayonunda qanunsuz fəaliyyət göstərən onlayn qumarxana aşkar edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Xalqımızın mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan, internet vasitəsilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanları tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Həmin obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb. Həmin obyektdə qumar oynayan daha üç vətəndaş müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.
Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilər tərəfindən oynanılan uduşlu kuponlar, onlayn qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkarlanaraq götürülüb.
Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.