REGİONLAR
Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Qusar, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Qusar rayonunun Əcəxuroba kəndinin qazlaşdırılması başa çatdırılaraq 63 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 9-da Əcəxuroba kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Əcəxuroba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2 min 600 metr polietilen, eləcə də 5 min 600 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 31-ə çatıb. Hazırda rayonda əhalinin 57 faizi “mavi yanacaq”dan istifadə edir.
Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun Yuxarı Zeyxur, Kuxuroba, Ləcət və Suduroba kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Ümumilikdə isə bu ilin sonunadək şimal bölgəsinin dörd rayonunda (Qusar, Quba, Xaçmaz və Şabran) 60-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması işləri yekunlaşacaq.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.