REGİONLAR
Qusar rayonunun Düztahir kəndində yeni istifadəyə verilən “Mərasimlər evi”ndə ilk toy şənliyi olub
AZƏRTAC xəbər verir ki, “Mərasimlər evi”nin açılışı günündə burada ilk toy şənliyi təşkil edilib. Yeni ailə quranlara qiymətli hədiyyələr təqdim olunub.
Sosial obyektin açılışında rayon icra hakimiyyəti aparatının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin bölgələrə xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində olduğu kimi, Qusarda da abadlıq-quruculuq işləri geniş vüsət alıb, rayonun ucqar kəndləri “mavi yanacaq”la təmin olunub, müasir standartlara cavab verən məktəblər, poçt məntəqələri və digər binalar tikilib.
Məlumat verilib ki, 1800 nəfər əhalinin yaşadığı Düztahir kəndində inşa olunan “Mərasimlər evi”nin eyni zamanda 250 qonağı qəbul edə bilən ziyafət zalı var. Bütün zəruri avadanlıqla təchiz olunan obyektdən Düztahirlə yanaşı, ətraf kəndlərin sakinləri də yararlana biləcəklər.
Bundan əvvəl Qusar rayonun daha 4 kəndində “Mərasimlər evi” inşa olunub. Tezliklə İmamqulukənd, Əcəxur və Yeni Yuxarı Ləgər kəndlərində də bu tipli obyektlər sakinlərin ixtiyarına veriləcək.