CƏMİYYƏT


Qusar və Quba rayonlarında Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Qusar rayonunun Hil kəndində və Quba rayonunun Qırmızı qəsəbəsində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları Seyfəl Həsənov və Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk tədbir Qusar rayonu Hil kəndindəki yaşı yüzdən çox olan məsciddə baş tutub.

Tədbirdə çıxış edən Eynulla Nurullayev Qusar rayonunun Hil kəndində yerləşən tarixi məscid haqqında geniş məlumat verib. O bildirib ki, bu kəndin əhalisinin böyük əksəriyyəti ləzgilərdən ibarətdir. Kəndin sakinləri içərisində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş gənclərin də olduğunu xatırladan şöbə müdiri onların xatirəsinin hər zaman ehtiramla yad edildiyini deyib.

Dövlət müşavirinin xidmətinin əməkdaşı Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə mövcud olan tolerant mühit dünyanın ən demokratik hesab olunan dövlətləri üçün nümunədir. O, Azərbaycanda bütün xalqların birgə, dinc yaşadığını və eyni hüquqlara malik olduğunu xüsusi olaraq vurğulayıb.

Xalqımızın multikultural dəyərlərindən danışan Dövlət müşavirinin xidmətinin əməkdaşı Seyfəl Həsənov Azərbaycan multikulturalizminin artıq bir elm kimi ali məktəblərdə tədrisindən bəhs edib.

Günün ikinci yarısında eyniadlı tədbir dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsində baş tutub. Tədbir “Giləki” sinaqoqunda təşkil olunub.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan dağ yəhudiləri əsrlər boyu Azərbaycan xalqına qaynayıb-qarışıblar. E.Nurullayev 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilmiş soyqırımı təəssüf hissi ilə xatırladıb, həmin günlərdə yəhudi xalqının nümayəndələrinin də ermənilər tərəfindən zorakılığa və qırğınlara məruz qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Ceyhun Məmmədov tədbirdə çıxış edərək bir çox xalqların və millətlərin nümayəndələri kimi ölkəmizdə yaşayan dağ yəhudilərinin də vətənlərinin məhz Azərbaycan olduğunu deyib. Bildirib ki, Azərbaycanda yaşayan dağ yəhudiləri digər millətlərin nümayəndələri kimi sərbəst şəkildə öz adət-ənənələrini yerinə yetirir, dini ayinlərini icra edirlər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Seyfəl Həsənov Azərbaycanın Konstitusiyasına əsasən bütün dinlərin bərabər olduğunu və buna ciddi əməl edildiyini vurğulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək rayon icra hakimiyyəti tərəfindən təşkil olunan tolerantlıq və multikulturalizmə həsr olunmuş tədbirlərdən bəhs edib, ölkə rəhbərliyinin də bu sahəyə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.