REGİONLAR
Qusarda 1015 abonentə ilk dəfə təbii qaz verilib VİDEO
Qusar, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Qusar rayonunun daha 3 kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Quxuroba, Yuxarı Zeyxur və Girik kəndlərində, ümumilikdə, 1015 abonent ilk dəfə təbii qazdan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 30-da rayonun Quxuroba kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, cari ildə Qusar rayonunda 17 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 7-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin edilib. On kənddə isə qazlaşdırma işləri aparılır.
Diqqətə çatdırılıb ki, Quxuroba (450 abonent), Yuxarı Zeyxur (245 abonent) və Girik (320 abonent) kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 19 min 863 metr polietilen və 72 min 511 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
Mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində də nəzərəçarpan inkişaf var. Bütün bu işlər isə respublikada həyata keçirilən sosial siyasətin təməlində Azərbaycan vətəndaşının dayandığının təsdiqidir.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.