REGİONLAR


Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq aşkarlanıb VİDEO

Qusar, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonu ərazisində aşkarlanan qədim qəbiristanlığın eramızdan əvvəl I-II minilliklərə aid olduğu müəyyənləşib. Mütəxəssislər qəbiristanlığın ərazisinin böyüklüyünü nəzərə alaraq, yaxınlıqda qədim yaşayış yerinin olduğunu ehtimal edirlər.

AZƏRTAC xəbər verir ki, qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndinin qərb hissəsində yerləşir. Əvvəllər bu qəbiristanlığın orta əsrlərə aid olduğu güman olunurdu. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan ətraflı araşdırmalar nəticəsində isə ərazinin daha qədim dövrlərin yadigarı olduğu müəyyənləşib.

İnstitutun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, Qusar rayon ərazisində araşdırmalar XX əsrin 60-70-ci illərində qeydə alınmış arxeoloji abidələrə nəzər yetirmək, onların hazırkı durumunu öyrənmək, indiyədək aşkar edilməyən arxeoloji abidələri də ortaya çıxarıb tədqiq etmək məqsədilə aparılır.

İyun ayının əvvəllərindən rayonda olan ekspedisiya qrupu tərəfindən Həzrə, Ləzə və digər kəndlərdə kəşfiyyat və araşdırma işləri aparılıb, maraqlı məlumatlar əldə edilib. Bu ərazilərdə dörd yeni tarixi abidə qeydə alınıb. Gələcəkdə burada aşkarlanan tarixi abidələrin ətrafında arxeoloji qazıntı işlərinə başlanılması nəzərdə tutulub.

Qəhrəman Ağayev qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta enolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.