REGİONLAR
Qusarda keçirilən Kitab bayramında oxuculara 500-dən çox kitab hədiyyə verilib VİDEO
Qusar, 19 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 19-da Qusarda keçirilən Kitab bayramında oxuculara 500-dən çox kitab hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan IX ənənəvi Kitab bayramı Qusar şəhərindəki Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında keçirilib.
Qusar Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Mərasimdə müxtəlif mövzularda 3 mindən çox kitab nümayiş etdirilib. Bununla yanaşı, tədbir zamanı 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul olunub.
Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev çıxışında bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kitabxanaların oxucu sayını artırmaq və kitabsevərləri yeni nəşrlər haqqında məlumatlandırmaqdan ibarətdir.
Kitab bayramında nümayiş etdirilən maraqlı kompozisiyalar, eləcə də istedadlı balacaların ifasında təqdim olunan rəqslər və milli oyunlar maraqla qarşılanıb.