REGİONLAR
Qusarda keçirilən əmək yarmarkasında 62 nəfərə işə göndəriş verilib VİDEO
Qusar, 4 sentyabr , Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Qusar şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 30-a yaxın idarə, müəssisə və təşkilatlardakı 350 vakant iş yeri çıxarılıb.
Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, özəl müəssisələr də yer alıb. Təklif edilən işlərə görə əməkhaqqı 110- - 450 manat arasında olub.
Yarmarkada 62 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib, 14 nəfər isə xalçaçılıq üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb.
Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.