REGİONLAR
Qusarda keçirilən konfransda dini radikalizmlə mübarizədə dini icmaların rolundan bəhs olunub
Qusar, 25 noyabr, AZƏRTAC
Qusarda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.
Konfrans noyabrın 25-də işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda plenar iclasla davam etdirib. İclasda sədr müavini ilə yanaşı, DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, komitənin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar və gənclər iştirak ediblər.
Gündüz İsmayılov bildirib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır. Onun fikrincə, milli mənəvi dəyərlərin təbliğində, eləcə də dini maarifləndirmə işinin aparılmasında dini icmalar, o cümlədən din xadimləri yaxından iştirak etməlidirlər. Əgər bu istiqamətdə təşəbbüslər olarsa, Dövlət Komitəsi həm maddi, həm də təşkilati cəhətdən həmin təşəbbüsləri dəstəkləməyə hazırdır.
Daha sonra Əliheydər Zülfüqarovun “Dini icmaların radikalizmlə mübarizədə fəaliyyətinin təşkili: imkanlar və prespektivlər” mövzusunda məruzəsi dinlənilib. O, radikalizmi yaradan səbəblərdən və bu kimi halların qarşısının alınması metodlarından danışıb. Bildirib ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır.
Mövzu ilə bağlı çıxış edən Eynulla Nurullayev müasir gəncliyimizin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb, bu sahədə xüsusən bölgələrdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.