REGİONLAR
Qusarda xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin xatirəsi anılıb VİDEO
Qusar, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 21-də Qusardakı Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində çıxış edənlər dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar. Bildirilib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.
Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı da ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə Qusar rayonunda bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Xatirə gecəsinin iştirakçıları şairin həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.
Tədbirdə B.Vahabzadənin sevilən əsərlərindən nümunələr səsləndirilib, Qusar şəhər 5 nömrəli və Çiləgir kənd tam orta məktəblərinin şagirdlərinin ifasında “Gülüstan” və “Muğam” poemalarından parçalar səsləndirilib.