REGİONLAR
Qusarda xırdabuynuzlu heyvanlar çiçək xəstəliyinə qarşı vaksinasiya edilir VİDEO
Qusar, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusarda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən təsərrüfatlardakı xırdabuynuzlu heyvanlar çiçək xəstəliyinə qarşı vaksinasiya edilir.
Artıq 45 min başa yaxın heyvan peyvənd olunub. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunublar. İki həftə əvvəl start götürən vaksinasiya işləri həm iri fermer, həm də fərdi təsərrüfatlarda pulsuz aparılır. Qusar rayonunda, ümumilikdə, 88 min başa yaxın xırdabuynuzlu heyvan saxlanılır.
Qusar Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Mamaliyev bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.
Profilaktik tədbirlər iyun ayının ikinci ongünlüyünə kimi davam edəcək. Bundan sonra xırdabuynuzlu heyvanların brüselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılacaq.
Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmə və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini tövsiyə edirlər.