REGİONLAR
Qusarın Qullar və Kufoba kəndlərinin sakinləri ikiqat bayram sevincini yaşayırlar VİDEO
Xaçmaz, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Əlamətdar bayramlar ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Qusar rayonunun Qullar və Kufoba kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb və bu yaşayış məntəqələrinə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də Qullar və Kufoba kəndlərində ilk dəfə qaz verilməsi münasibətilə rayon rəhbərliyinin, “Azəriqaz” İB-in nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə mərasimlər təşkil olunub.
Mərasimlərdə çıxış edənlər kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, ümumilikdə 200-ə yaxın abonentin olduğu kəndlərin qazlaşdırılmasına 2014-cü ilin iyun ayında başlanılıb. Yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması üçün magistral qaz xəttindən daşıyıcı xətt, kəndlərin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb.
Qazlaşdırma prosesində Kufoba kəndində 12, Qullar kəndində isə 9 min metr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub. Bununla yanaşı, kənd sakinləri təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydaları haqqında maarifləndirilib.
Kənd sakinləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində yaşayış məntəqəsinə qazın verilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qaz xəttinin açılışını bildirən məşəllər alovlandırıldıqdan sonra kəndlərə təbii qaz verilib.
Bununla da Qusar rayonunda təbii qazla təmin olunan kəndlərin sayı 30-a çatıb.