REGİONLAR
Qusarlı çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər VİDEO
Qusar, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 9-da Qusar rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Milli Məclisin deputatı Azər Badamov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov və başqaları çıxış edərək, çağırışçıları Vətənə sədaqətlə xidmət etməyə səsləyiblər. Bildirilib ki, müasir Azərbaycan Ordusu yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Övladlarını hərbi xidmətə yola salan valideynlər qürur hissi keçirdiklərini söyləyib, çağırışçılara Vətən uğrunda canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər.
Qusarlı çağırışçılar da Vətənə şərəflə xidmət edəcəklərinə söz verib, işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını bəyan ediblər.
Çağırışçılar Qusarda yerləşən hərbi hissənin əsgərlərinin nümunəvi çıxışlarını və rayon bədii özfəaliyyət kollektivlərinin ifalarını izlədikdən sonra hərbi xidmətə yola salınıblar.