REGİONLAR
Qusarlı təsərrüfatçılar kartof sahələrindən bol məhsul götürüblər
Qusar, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarlı təsərrüfatçılar bu il kartof sahələrindən bol məhsul əldə ediblər.
AZƏRTAC xəbər verir ki, rayonda kartof yığımı artıq yekunlaşmaq üzrədir.
Kartofun daha çox əkildiyi kəndlərdən olan Urvada 50 hektardan çox sahədə məhsul becərilib. Təsərrüfatçılar sahələrində əsasən Belarusdan gətirilən kartof növləri əkiblər.
Urva bələdiyyəsinin sədri Ramin Tariquliyev bildirib ki, keyfiyyətli toxumun əkilməsi, həm də hava şəraitinin yağışlı keçməsi bu il məhsuldarlğa müsbət təsir göstərib.
Urva ilə yanaşı, rayonun Hil, Düztahir, Yasab və digər kəndlərindəki təsərrüfatçıların da əsas məşğuliyyəti kartofçuluqdur.
Bu il Qusarda 1316 hektar sahədən 17 min 105 ton kartof yığılıb.
Rayonda kartof yığımı sentyabrın sonuna kimi davam edəcək.