REGİONLAR
Qutab, balıq, kabab və başqa təamları dada gətirən sumağın necə əldə olunduğunu bilirsiz? VİDEO
Quba, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Yəqin bir çoxunuz ət qutabı, lülə-kabab, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayırsınız. Bəs süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən bu ədviyyatın necə hazırlandığını bilirsinizmi?
AZƏRTAC xəbər verir ki, yeməklərin dadına dad qatan sumaq ərəb mətbəxinin əsas ədviyyatlarından hesab olunur. 250-yə yaxın növü olan sumaq Quba rayonunda da yetişdirilir.
Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox rayonun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür. Bu ərazidəki Kələnov kəndinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvələrini toplayaraq gəlir əldə edirlər.
Sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.
Sumaq əsasən avqust və sentyabr aylarında toplanır. Bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq meyvəsi yığa bilər ki, bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır.
Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Sonra həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir.
Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 10 manata, stəkanı isə bir manata satılır.
Sumaq meyvəsinin tərkibində 18–20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.
Yabanı sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.