CƏMİYYƏT
Qvineyada Ebola əleyhinə vaksin sınaqdan keçiriləcək
Bakı, 6 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) martın 7-də Qvineyada Ebola əleyhinə vaksinin sınaqdan keçirilməsinin üçüncü mərhələsinə hazırlaşır.
Kanadanın İctimai Səhiyyə Agentliyinin köməyi ilə hazırlanmış VSV-ZEBOV vaksininin səmərəliliyi sübuta yetirilərsə, onda onun kütləvi istehsalına başlanılacaq.
DST-nin Baş direktoru Marqaret Çan deyib: “Əgər vaksinlər effektiv hesab edilərsə, onda bu, tarixdə ilk dəfə Ebolanın qarşısını almaq vasitəsi olacaq.”
“Qvineyada biz xəstəliyin ocağının ətrafında “halqa” yaratmağa çalışacağıq. Belə yanaşma çiçək xəstəliyinin ləğv edilməsi zamanı istifadə olunurdu. Sadə sözlərlə desək, biz xəstələrlə əlaqəsi olan bütün insanları peyvənd edəcəyik. Beləliklə, vaksinin infeksiyanın qarşısını almağa nə dərəcədə kömək etdiyini müəyyənləşdirəcəyik”, - deyə Marqaret Çan bildirib.
Eksperimental vaksinasiya ölkədə ən çox Ebolanın yayıldığı Basse rayonunda keçiriləcək. Sınaqların keçirilməsində DST, Qvineyanın Səhiyyə Nazirliyi, Kanada hökumətinin dəstəyi ilə İctimai Səhiyyə İnstitutu və Norveçin “Sərhədsiz Həkimlər” təşkilatı iştirak edəcək.