İDMAN
RADOSLAV KUTSEV SİNQAPUR OLİMPİADASINDA KANOE SLALOM NÖVÜNDƏ 1/4 FİNALA YÜKSƏLMİŞDİR
AZƏRBAYCAN İDMANÇISININ ÜSTƏLƏDİYİ RƏQİBLƏR ARASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİ DƏ VAR
Bakı, 24 avqust (AZƏRTAC). Azərbaycanlı avarçəkən Radoslav Kutsev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu gün kanoe slalom növündə mübarizəyə başlamışdır. Kutsev ilk dəfə yarışdığı kanoe slalom növündə 8 ən güclünün yer aldığı 1/4 finala yüksəlmişdir.
17 yaşlı idmançımız əvvəlcə sınaq yürüşlərində mübarizə aparmışdır. O, 1 dəqiqə 57,56 saniyə nəticə ilə 16 iştirakçı arasında 7-ci olmuşdur. Bundan sonra Kutsev 1-ci mərhələdə iştirak etmişdir. Avarçəkənimizin rəqibi Edqar Babayan (Ermənistan) olmuşdur. Yığmamızın üzvü 1 dəqiqə 54,31 saniyə nəticə göstərdiyi halda, Babayan 2 dəqiqə 6,43 saniyə göstərici ilə xeyli arxada qalmışdır. Nəticədə Kutsev təsəlliverici yürüş sayılan 2-ci mərhələyə qatılmadan birbaşa 3-cü mərhələyə yüksəlmişdir. Həmin mərhələdə isə slalomçumuz Patrik Sokolla (Polşa) üz-üzə gəlmişdir. Kutsev yenə rəqibindən üstün olmuşdur. O, 1 dəqiqə 53,53 saniyə, Sokol isə 1 dəqiqə 56,59 saniyə nəticə göstərmişdir. Beləliklə, idmançımız kanoe növündə olduğu kimi, kanoe slalomda da 4-cü mərhələyə, daha dəqiqi, 1/4 finala çıxmışdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti mərhələdə təmsiçimizin rəqibi Anatoli Melnik (Ukrayna) olacaqdır. Yarış avqustun 25-də yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə saat 12:20-də) başlayacaqdır.
Qeyd edək ki, Radoslav Kutsev 21-22 avqustda kanoe növündə də çıxış etmişdir. Kutsev 1/4 finalda uduzaraq, 6-cı yeri tutmuşdur.