CƏMİYYƏT
RAGB XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Rusiya Milli Hazırlıq Komitəsinə daxil olub
Moskva, 22 dekabr, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının keçirilməsi üzrə Rusiya Milli Hazırlıq Komitəsinin tərkibinə daxil olub.
Dekabrın 21-də Moskvada XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Milli Hazırlıq Komitəsinin geniş iclası keçirilib.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev AZƏRTAC-a bildirib ki, tədbirdə komitənin tərkibinə daxil olan 26 gənclər təşkilatının nümayəndələri iştirak ediblər.
Gənclərin İşləri üzrə Rusiya Federal Agentliyinin (Rosmolodyoj) rəhbəri vəzifələrini müvəqqəti icra edən Aleksey Palamarçuk 2015-ci ildən başlayaraq bu irimiqyaslı beynəlxalq gənclər tədbirinə hazırlığın müxtəlif mərhələlərindən ətraflı söz açaraq bildirib ki, “Rosmolodyoj” Rusiya Federasiyası Prezidentinin tapşırığı ilə Ümumdünya Demokratik Gənclər Federasiyasına festivalın keçirilməsi ilə əlaqədar müvafiq müraciət göndərib.
Milli Hazırlıq Komitəsinin sədri Qriqori Petuşkov Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, Rusiya ilə Azərbaycan gəncləri arasında dostluğun möhkəmlənməsində bu təşkilatın mühüm rol oynadığını qeyd edib. O, RAGB-nin böyük müvəffəqiyyətlə keçən VII Forumundan danışıb. XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı barədə informasiya həmin Forum çərçivəsində verilib.
E.Hacıyev bildirib ki, iclasın yekunlarına görə, RAGB XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Rusiya Milli Hazırlıq Komitəsinə qəbul edilib. RAGB-nin könüllülər dəstəsi komitədə təşkil edilən işçi qruplarda çalışacaq və bu irimiqyaslı tədbirə hazırlıq işlərində bilavasitə iştirak edəcək.
Xatırladaq ki, ölkənin ictimai gənclər birliklərinin liderlərindən ibarət olan Rusiya Milli Hazırlıq Komitəsi festivalın əsas təşəbbüskarı və təşkilatçısıdır. XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı oktyabrın 14-dən 22-dək Soçidə keçiriləcək. Festivalda dünyanın 150 ölkəsindən 20 mindən çox gənc iştirak edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva