QAN YADDAŞI
RAGB fəalları 20 Yanvar qurbanlarının xatirəsini anıblar
Moskva, 20 yanvar, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları 1990-cı ilin 20 Yanvar hadisələri qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Rusiyadakı səfirliyinin binası önünə çiçəklər düzüblər.
RAGB-ın İdarə heyətinin üzvü Emin Hacıyev öz xalqının tarixinə hörmətlə yanaşdıqlarına görə gənclərə təşəkkür edərək bildirib ki, 20 Yanvar ölkəmizin tarixində və hər birimizin ürəyində silinməz qanlı izlər qoyub. Azadlığımız uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini 27 il sonra da böyük ehtiramla anırıq. Bütün dünyada saysız-hesabsız insanın 20 Yanvar şəhidlərinin adları yazılmış memorialların və xatirə stendlərinin önünə çiçək qoyması bunun bariz təsdiqidir.
Belə tədbirlərdən biri bu gün Moskvada RAGB fəallarının iştirakı ilə keçirilib.
RAGB-ın nümayəndəsi deyib ki, harada yaşayırıqsa yaşayaq, belə günlərdə bir yerdə olmalı, Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanları xatırlamalıyıq. Gənclərimiz Azərbaycan xalqını birləşdirən xatirə günlərini heç vaxt unutmamalıdırlar.
E.Hacıyev fikrini belə tamamlayıb: “Bu gün gənclərimiz qarşısında böyük və məsuliyyətli bir vəzifə - Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ilk çağırışı ilə Vətənin müdafiəsinə qalxmaq, işğal altındakı torpaqları azad etməyə hazır olmaq vəzifəsi dayanır. Buna görə də biz sıx birləşməli və ölkəmizin faciəli olduğu qədər də şanlı tarixlərini unutmamalıyıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva