MƏDƏNİYYƏT
RƏŞİD BEHBUDOV “QƏLBİMİN NƏĞMƏLƏRİ”NDƏ
Fondun rəhbəri Kamil Şahverdi müxbirimizə demişdir ki, jurnalist Vladimir Uralyuk uzun illərdir ölməz sənətkarın oxuduğu mahnıları və onun fotoşəkillərini toplamaqla məşğuldur. O, “Qəlbimin nəğmələri” kitabını həmin materiallar əsasında yazmış və öz şəxsi vəsaiti hesabına çap etdirmişdir. Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş kitabda 120 mahnının mətni, indiyədək dərc edilməmiş nadir fotoşəkillər, maraqlı informasiyalar və illüstrasiyalar öz əksini tapmışdır. Eyni zamanda, müğənninin 12 xarici dildə oxuduğu mahnıların mətnləri də kitabda həmin dillərdə verilmişdir.
Rusiyalı jurnalist Bakıda olarkən Rəşid Behbudovun qəbrini ziyarət etmiş, onun ailə üzvləri ilə görüşmüşdür. Görüşdə V. Uralyuk bildirmişdir ki, hazırda o, görkəmli sənətkara həsr edilmiş ikinci kitab üzərində işləyir. Növbəti kitabda Azərbaycanın və Rusiyanın məşhur incəsənət xadimlərinin unudulmaz müğənni Rəşid Behbudov haqqında xatirələri toplanacaqdır.