Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RAUF HACIYEVİN 80 İLLİK YUBİLEYİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2002-ci ilin may ayında Azərbaycanın görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 80 illiyi tamam olur. 

XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında Rauf Hacıyevin böyük xidmətləri olmuşdur. Müxtəlif janrlı əsərlərin müəllifi kimi onun çoxşaxəli yaradıcılığı Azərbaycan bəstəkarlıq məktəbi tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bəstəkarın yaradıcılığının mühüm bir hissəsini təşkil edən operettaları Azərbaycanda və xarici ölkələrdə uğurla tamaşaya qoyulmuş, geniş şöhrət qazanmışdır. Rauf Hacıyevin vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycanda mahnı janrının inkişafına dəyərli töhfə vermişdir. Onun simfoniyaları, oratoriya və kantataları, teatr tamaşalarına və kinofilmlərə bəstələdiyi əsərləri Azərbaycan musiqi sənətinin xəzinəsinə həmişəlik daxil olmuşdur.

Rauf Hacıyev bəstəkar olmaqla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, mədəniyyət naziri kimi də respublikamızın mədəni həyatında təqdirəlayiq rol oynamışdır.

Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətləri olan Rauf Hacıyevin 80 illik yubileyinin ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Rauf Hacıyevin 80 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.

2. Bakı şəhər İcra Hakimiyyəti Rauf Hacıyevin yaşadığı binaya (Səməd Vurğun küçəsi, 85) xatirə lövhəsinin vurulmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhərindəki orta musiqi məktəblərindən birinə Rauf Hacıyevin adını versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin