REGİONLAR
RESPUBLİKADA DAĞ RAYONLARININ İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏKDİR
Sentyabrin 7-9-da Altıağac kurort mərkəzində “Azərbaycanın dağ rayonlarının ardıcıl inkişafı” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda kənd təsərrüfatının, turizmin inkişafı, ətraf mühitin və ekoloji tarazlığın yaxşılaşdırılması məsələləri müzakirə olunacaqdır. Bunu AZƏRTAC-a Ölkənin dağ rayonlarının inkişafı assosiasiyasından bildirmişlər. Konfransda iştirak etmək üçün Dağ rayonlarının inkişafı komitəsinin sədri Teo Mayzen başda olmaqla İsveçrə parlament nümayəndə heyəti ölkəmizə gələcəkdir. Bundan əlavə, həmin dövlətin qeyri-hökumət təşkilatlarının məsul işçilərinin də konfransda iştirak edəcəyi gözlənilir. Tədbirdə Azərbaycan Milli Məclisinin, xarici işlər, iqtisadi inkişaf, kənd təsərrüfatı, gənclər, idman və turizm, ekologiya və təbii sərvətlər nazirliklərinin nümayəndələri iştirak edəcəklər.