RƏSMİ XRONİKA
RESPUBLİKA SARAYINDA UŞAQLAR ÜÇÜN YENİ İL ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ŞƏNLİKDƏ OLMUŞDUR
Dekabrın 31-də Respublika sarayında valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün Yeni il şənliyi keçirilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev nəvələri ilə birlikdə şənlikdə olmuşdur.
Dövlətimizin başçısını sarayın girəcəyində Şaxta baba və Qar qız mehribanlıqla qarşıladılar, ona ən xoş yeni il arzularını çatdırdılar.
Bayram əhval-ruhiyyəsi hökm sürən sarayda respublikamızın rəhbərini uşaqlar hərarətli alqışlarla, “Heydər baba” nidaları ilə qarşıladılar.
Yeni il yolka şənliyi Bakı Xoreoqrafiya məktəbi şagirdlərinin rəqsləri ilə başladı. Qar qız uşaqların alqış sədaları altında Şaxta babanı səhnəyə dəvət etdi.
Uşaqların sevimlisi Şaxta baba saraya toplaşanlara müraciətlə dedi:
“Əziz balalar, mən sizə Azərbaycanın ən uca zirvəsi olan qarlı Şahdağın salamını gətirmişəm. Mən külək kimi əsərək, yel kimi çöllərdən keçərək Azərbaycan elinə yeni il gətirmişəm.
Əziz dostlar sevinirəm ki, mən dünyanın ən gözəl bir ölkəsinə - Odlar Yurduna, sizə yeni il gətirmişəm.
Dostlar, Azərbaycan Respublikasının Prezidenti, uşaqların sevimlisi, dayağı Heydər Əliyevin şənliyimizdə iştirak etməsi hər birimizi sevindirir, fərəhləndirir.
Əziz Prezidentimiz, bu gün Siz nəvələrinizin əhatəsindəsiniz. İcazə verin, bütün xalqımız adından, bu gözəl balalar adından Sizə müraciət edim. Biz Sizi çox sevirik. Biz Sizi candan artıq sevirik. Qoy qarşıladığımız 2002-ci ildə də, ondan sonra gələn bütün illərdə də Sizi indiki kimi gümrah, indiki kimi sağlam və gülərüz görək. Siz Azərbaycan xalqının şöhrəti, dünyaya yayılan səsisiniz. Ulu Tanrıdan arzu edirik ki, yarşıdan gələn yeni ildə də nəvələriniz, o cümlədən balaca Heydər səadət və sevinc içərisində böyüsün”.
Şaxta baba onu da dedi ki, Prezident Heydər Əliyev Respublika sarayına toplaşan Yeni il şənliyinin hər bir iştirakçısını təbrik etmiş, hədiyyə gətirmişdir .
Hədiyyə ilə birlikdə uşaqlara ünvanlanmış təbrik məktubunda bu sözlər yazılmışdır: “Əziz balam! Səni yeni, 2002-ci il münasibətilə təbrik edirəm. Qoy, yeni il sənin üçün uğurlu olsun. Yeni ildə sənə, Azərbaycanımızın bütün övladlarına səadət, xoşbəxtlik diləyirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
31 dekabr 2001-ci il”.
X X X
Şaxta babanın salondakı uşaqlarla birlikdə təkrar etdiyi
“Əziz yolka, şən yolka,
Parla yolka, yan yolka...”
sözlərindən sonra Respublika sarayının səhnəsindəki nəhəng Yeni il yolkasının işıqları yandı.
Min bir rəngə çalan, sayrışan, bərq vuran bəzəkli yolkanın önündə uşaqların şən rəqsləri başlandı. Sonra onları balaca gimnastlar əvəz etdilər.
Səhnə Mərdəkandakı 2 nömrəli internat məktəbin şagirdlərinin ixtiyarına verildi. Onlar Prezident Heydər Əliyevə müraciətlə dedilər:
- “Sevimli Heydər baba, Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə Sizi Əzizbəyov rayonu 2 nömrəli internat məktəbinin şagird və müəllimləri adından təbrik edirik. Sizə çətin işinizdə nailiyyətlər, möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Respublikamızın inkişafı naminə apardığınız bütün xoş məramli işləri alqışlayırıq. Biz inanırıq ki, Sizin sayənizdə ölkəmiz gündən-günə çiçəklənəcəkdir. Sizə bir daha uzun ömür, cansağlığı arzulayırıq”.
Sonra həmin məktəbin nəfəs alətləri orkestri və xoru şənlik iştirakçıları qarşısında çıxış etdilər.
Onları Nizami rayonundakı 1 nömrəli uşaq evinin kollektivi səhnədə əvəz etdi. Xorun ifasında Musa Mirzəyevin “Yeni il gəldi” mahnısı salona toplanşanlar tərəfindən alqışlarla qarşılandı. 6 yaşlı Hüseyn Abdullayev Azərbaycan Prezidenti Heydər Əliyevə müraciətlə dedi:
- Salam, möhtərəm Prezidentimiz Heydər baba!
Salam, əziz dostlar!
Yeni iliniz mübarək!
Dünya azərbaycanlılarının həmrəylik günündə xoş gördük Sizi. Hər gününüz bayram olsun.
Əziz Heydər baba, Siz bizi ildə bir neçə dəfə möhtəşəm saraylara dəvət edir, bizə bir dünya sevinc bəxş edirsiniz.
6-cı sinif şagirdi Elmurad İmanov isə Prezident Heydər Əliyevi şerlə salamladı:
Ellər alqış deyir ləyaqətinə,
Heydər baba, Heydər baba!
Salam sənə, Azərbaycan!
Salam sənə, yeni dünya!
Sevinclə, zəfərlə gəl ölkəmizə!
Uşaqların ifa etdiyi “Mənim dünyam” mahnısı da alqışlarla qarşılandı.
Xətai rayonundakı 3 nömrəli uşaq evinin “Azəri” ansamblı salona toplaşanları bəstəkar Tofiq Quliyevin mahnıları ilə salamladı. Həmin uşaq evində tərbiyə alan 10-cu sinif şagirdi Elmira Quliyeva Azərbaycan Prezidenti Heydər Əliyevə müraciətlə dedi:
“Möhtərəm Prezident, əziz Heydər baba, bizim uşaq evinin “Azəri” vokal və rəqs qrupu bu il də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlətləri arasında keçirilən “XXI əsrin nəsilləri” adlı festivalda diploma layiq görülmüşdür. Ən böyük nailiyyətimiz isə uşaq evinin məzunu Səbinə İsmayılovanın Sankt-Peterburq İncəsənət və Mədəniyyət Akademiyasına qəbul edilməsidir.
Biz Azərbaycanın bayrağını daim ucaldacaq, Sizə, vətənə layiqli övlad olmağa çalışacağıq”.
Uşaq evində tərbiyə alan Nərgiz Fərzəliyeva, Elvin Nurəliyev, Könül Əliyeva Azərbaycan Prezident Heydər Əliyevi, şənlik iştirakçılarını şerlə salamladılar:
Zirvələrə qar gətir,
Bağçalara bar gətir.
Bəhrəli bahar gətir,
Təzə il, ay təzə il!
Zəfərin düşsün dilə,
Ucalaq ildən-ilə.
Bu obaya, bu elə
Sevinc gətir, təzə il!
Kimliyimiz bəllidir
İndi bütün cahana.
Uğurla gəl ay, ilim
Sən də Azərbaycana!
Gəlin, verək əl-ələ,
Nəğməmiz qalxsın zilə,
Nura boyansın zaman.
Yaşasın Heydər babam!
Yaşasın Azərbaycan!
X X X
Böyük insan səsin gəlsin,
Qoy dinləsin ellər səni.
Bayraq kimi uca tutsun,
Yenilməyən əllər səni.
Böyük insan alqış sənə,
Şah vüqarın çətin sına.
Gedir haqqın qapısına,
Yaratdığın yollar sənin.
Sən möhtəşəm dağ,
Sən əbədi yanan ocaq.
Yaddaşında yaşadacaq,
Əməlini illər sənin.
Yaşa, yaşa böyük insan,
Xalqın igid, sən qəhrəman.
Qədəminə səpək hər an,
Yurd ətirli güllər sənin.
Bakı dövlət sirkinin qonaqları – Rusiyanın sirk ustaları “Afrika” adlı proqramı ilə şənlik iştirakçılarını salamladılar. Məzhəkəçilər maraqlı proqram göstərdilər.
Azərbaycan estradasının ulduzları - Səməd Səmədov, Faiq Ağayev, Ağadadaş Ağayev, Brilyant Dadaşova şux, ritmik mahnıların müşayiəti ilə uşaqları rəqsə dəvət etdilər.
Şənliyin sonunda Şaxta baba hamını qarşıdan gələn yeni il münasibətilə bir daha təbrik etdi.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev Yeni il şənliyi başa çatdıqdan sonra səhnə arxasına gələrək bayram konsertinin iştirakçılarına təşəkkürünü bildirdi, onları yeni il münasibətilə təbrik etdi.