İQTİSADİYYAT
“R.İ.S.K. Elmi İstehsalat Şirkəti” 4-cü Beynəlxalq “Caspian Energy Forum-2016”nın sponsoru olub
Bakı, 20 oktyabr, AZƏRTAC
“R.İ.S.K. Elmi İstehsalat Şirkəti” dekabrın 7-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum-2016”nın (www.caspianenergyforum.com) sponsoru olub.
“Caspian European Club”dan (Caspian Business Club) AZƏRTAC-a bildirilib ki, “R.İ.S.K EİŞ” dördüncü dəfə “Caspian Energy Forum”a sponsorluq edəcək.
“Yarandığı ilk gündən “Caspian European Club”un sabit partnyoru olan şirkət Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində təşkil etdiyimiz tədbirlərdə fəal iştirak edir”, - deyə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nəhəng sistem inteqratoru olan “R.İ.S.K. EİŞ” 22 il ərzində dövlət idarələrinin, korporativ və bank sektorunun sistemlərinə yüksək texnoloji qərarlar tətbiq etməklə bir sıra infrastruktur layihələr həyata keçirib. İxracyönümlü şirkət olaraq biz bu gün öz məhsul və xidmətlərimizi Avropa, MDB və Yaxın Şərq ölkələrinə təklif edirik. “Caspian Energy Forum” “R.İ.S.K. EİŞ”in xarici partnyorlarla əməkdaşlığının nizamlanmasına kömək edir, brendin irəliləməsinə və şirkətin beynəlxalq yüksək texnologiyalar bazarlarında özünəlayiq yer tutmasına yardımçı olur”, - deyə şirkətin nümayəndəsi bildirib.
“Caspian Energy Forum-2016”da Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirliklərinin, komitə və qurumların rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcək. Hazırda 4-cü Beynəlxalq “Caspian Energy Forum-2016”da iştirak etmək üçün dünyanın 15 ölkəsindən 200-dən çox nümayəndə qeydiyyatdan keçib.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya keçirilən iqtisadi islahatların ilkin nəticələrinə, ikinci Xəzər regionu ölkələrinin enerji sektorunun, üçüncü sessiya isə qeyri-neft sektorunun inkişafına həsr olunacaq.
“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə “Caspian Energy” jurnalının oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” beynəlxalq mükafatı “Caspian European Club” və “Caspian Energy International Media Group”un dəstəyi ilə təşkil olunur.
Forum çərçivəsində 2-ci Beynəlxalq “Caspian Business Award – 2016” mükafatının təqdimetmə mərasimi təşkil olunacaq.