CƏMİYYƏT
RMDM-də ilk böyrək transplantasiyası: donor xəstənin qardaşı olub
Bakı, 19 iyun, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin yeni açılan Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzində ilk böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xroniki böyrək xəstəliyindən əziyyət çəkən xəstəyə qardaşının böyrəyi köçürülüb.
Mərkəzin müdiri, cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: “Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Üzərində böyrək transplantasiyası aparılacaq xəstə və donor çox ciddi şəkildə müayinə edilərək yoxlanılır. Xəstə immunoloji testlər və digər müayinələrdən keçəndən sonra yaradılmış konsiliumda müzakirə olunur. Bütün mütəxəssislər müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür.”
Qeyd edək ki, Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzi apreldə yaradılıb və burada urologiya və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.