İDMAN


R.Musayev: Gənc hakimimizin 19 yaşadək futbolçular arasında AÇ-nin finalını idarə etməsi sevindirici haldır

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

Bu futbol mövsümü daha maraqlı olacaq. Ən azı 6 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu çempionatda bəzi dəyişikliklər də gözlənilir. Məsələn, legionerlər üçün 5 min manat rüsum nəzərdə tutulur. Futbolçuların maykalarında onların ad və soyadlarının yalnız Azərbaycan dilində yazılması ilə bağlı yeni razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bu gün Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərlə fikirlərini bölüşüb. R.Musayev öncə yeni mövsümdən gözləntilərini açıqlayıb: “Növbəti mövsüm üçün daha maraqlı proqram hazırlanib və media təmsilçilərinin də təkliflərini qəbul etməyə hazırıq”.

“Sevindirici haldır ki, avrokubokdakı bütün komandalarımız mərhələ keçdilər. Əvvəllər bir mərhələ keçməyə sevinirdik. Amma indi azarkeşlərin də gözləntiləri yüksəlib. Əvvəlcə “Neftçi” qrup mərhələsində oynadı, sonra “Qarabağ”la “Qəbələ”. Bu gün “Qarabağ” oynayır, qarşıda “Qəbələ”nin də oyunu var, onlara uğurlar arzulayırıq”, - deyə PFL prezidenti vurğulayıb.

Onun sözlərinə görə, gənc hakimimiz Əliyar Ağayevin 19 yaşadək futbolçular arasında AÇ-nin finalını idarə etməsi Azərbaycan adına sevindirici haldır: “Bu, hakimlərlə görülən işin nəticəsidir. Sözsüz ki, çempionatda müəyyən nöqsanlar olur. Lakin əsas odur ki, bunlardan nəticə çıxarılsın. Əliyarın formasında isə AFFA və ya PFL yox, Azərbaycan yazılmışdı. AFFA rəhbərliyi sağ olsun ki, hakimlər üçün xaricdə toplanış keçməyə şərait yaradır. Bunda az da olsa, PFL-in də əməyi var”.

R. Musayev deyib: “Digər sevindirici məqam odur ki, 2 futbolçumuz – Elnur Cəfərov və Budaq Nəsirov Portuqaliya çempionatında çıxış edəcəklər. Biz həmişə deyirdik ki, yerli oyunçulara öz klublarımız layiq olduqlarından çox pul verildiyi dövrdə onlar xaricə getməyəcəklər. Artıq nəticə göz qabağındadır, iki futbolçumuz xaricə üz tutdu”.

PFL rəhbəri Gəncə şəhər stadionuna baxış keçiriləcəyini də söyləyib: “Bizi bu il narahat edən “Kəpəz” stadionudur. Klubun rəhbərliyi ilə söhbətimiz olub. Sabah nümayəndələrimiz Gəncəyə ezam olunacaqlar. Stadionlarda texniki imkanlara baxılacaq. Premyer Liqa oyunlarını qəbul edəcək 8 stadionun hamısına baxış keçiriləcək. Sabahdan nümayəndələrimiz hər bir stadionun nəzərdən keçirilməsinə başlayacaqlar. Arenalarda jurnalistlərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmalıdır. Hansı stadionda şərait olmasa, texniki avadanlıqların təchizində hər hansı problem yaşansa, həmin klubun rəhbərliyi cərimə olunacaq”.

PFL prezidenti cari mövsümdə klublar üçün sifariş olunan topların sayı və dəyərindən də danışıb: “1000 ədəd top sifariş etmişik. 200-ü artıq gəlib. Qiyməti isə yol xərci ilə birgə 70 avrodur. Halbuki, real qiyməti 160 avrodur. Amma biz qiyməti 50 faiz aşağı sala bildik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.