DÜNYA
RUSİYADA TƏYYARƏLƏRİN TERRORÇULARDAN MÜDAFİƏSİNİN NADİR SİSTEMİ YARADILMIŞDIR
Sinqapur. Rusiya mütəxəssisləri sərnişin və yük təyyarələrinin idarə edilən “Stinger” tipli zenit raketlərindən müdafiəsini təmin edəcək nadir qurğu - fəal maneələr lazer stansiyası yaratmışlar. Terrorçu təşkilatlar üç kilometrədək yüksəklikdə, eləcə də uçuş və eniş zamanı təyyarələri vurmaq üçün “Stinger” tipli raketlərdən tez-tez istifadə edirlər. Sinqapurda keçirilmiş “Eyşa aerospeys-2002” aerokosmik salonunda “Rosoboroneksport” şirkəti ilk dəfə olaraq yeni müdafiə sistemini təqdim etmişdir.
Bu sistemin müəlliflərindən biri, Samara şəhərindəki Avtomatik sistemlər konstruktor bürosu baş direktorunun müavini Aleksandr Kisletsov İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, mülki təyyarələrin müdafiə sistemi “Sayduinder”, eləcə də “Stingeram” tipli aviasiya raketlərindən qorunmaq üçün nəzərdə tutulmuş hərbi variant əsasında yaradılmışdır. Ekspertlərin fikrincə, son illərin lokal münaqişələrində cəbhə aviasiyasının 80 faizi məhz belə raketlər vasitəsilə vurulmuşdur. Buraxılan raketlərin tuşlanmasını pozmaq üçün lazerdən istifadənin səmərəsi həm Rusiyada, həm də xaricdə indiyədək istifadə olunan məlum üsullarla müqayisədə iki dəfə çoxdur.
Yeni sistemin mülki variantı təyyarənin füzelyajının içərisində yerləşdirilir. “Rosoboroneksport”un nümayəndələri İl -96 -300 tipli prezident təyyarəsinin raketlərdən belə müdafiə sistemi ilə təchiz olunması barədə informasiyanı təsdiq etməkdən boyun qaçırmışlar. Lakin sərgidə digər mənbələrdən İTAR-TASS-ın müxbirinə məlum olmuşdur ki, belə bir ehtimal istisna olunmur.