ELM VƏ TƏHSİL
RUSİYA ALİ MƏKTƏBLƏRİNƏ TƏLƏBƏ QƏBULU
Bu ilin əvvəllərində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Bakıda imzalanmış Protokolun müddəaları çərçivəsində Rusiya tərəfi bu ölkənin ali məktəblərində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 30 yer ayırmışdır. Həmin yerlərdən 10-u Azərbaycanda yaşayan rus icmasının nümayəndələri üçün nəzərdə tutulmuşdur. “Azərbaycan müəllimi” qəzetinin 2002-ci il 26 aprel – 2 may tarixli sayında bu haqda elan dərc olunmuşdu.
Rusiya ali məktəblərində təhsil almaq istəyən gənclərdən sənəd qəbulu Təhsil Nazirliyi tərəfindən aparılırdı, Rusiya Federasiyası şəhərlərindəki ali məktəblərin 13 ixtisası üzrə bakalavr və mütəxəssis proqramlarında təhsil almaq üçün 121 ərizə qəbul olunmuşdur. Bakalavr pilləsi üzrə menecment ixtisasına 1 yer, iqtisadiyyatda informasiya sistemləri ixtisasına 1 yer; mütəxəssis (5 illik təhsil) proqramı üzrə müalicə işi ixtisasına 3 yer, stomatologiya ixtisasına 1 yer, dünya iqtisadiyyatı ixtisasına 3 yer, beynəlxalq münasibətlər ixtisasına 2 yer, maliyyə və kredit ixtisasına 2 yer, hüquqşünaslıq ixtisasına 2 yer, dövlət bələdiyyə idarəçiliyi ixtisasına 1 yer, bədii yaradıcılıq 1 yer, milli iqtisadiyyat 1 yer, antikrizis idarəçiliyi 1 yer, mühasibat uçotu və audit 1 yer.
2002-ci il iyulun 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş sənədlərin əsasında Rusiya Federasiyasının ali məktəblərinə qəbul imtahanlarının birinci mərhələsini keçirmişdir. Birinci mərhələdə abituriyentlər müvafiq qruplar üzrə test imtahanları vermişlər. Test imtahanlarının nəticələrinə görə 350-dən yuxarı bal toplamış abituriyentlər ikinci mərhələyə buraxılmışlar. Həmin mərhələdə rus bölməsini bitirmiş abituriyentlər Azərbaycan dilində, Azərbaycan bölməsini bitirmiş aböituriyentlər isə rus dilində şifahi və yazılı imtahanlar vermişlər.
İyulun 12-də Rusiya ali məktəblərinə qəbul olunmuş abituriyentlərin siyahısı Təhsil Nazirliyinə təqdim olunmuşdur. Ən yüksək nəticələri hüquqşünaslıq ixtisasına daxil olmuş Məmmədov Vaqif Əhməd oğlu (666 bal), müalicə işi ixtisasına daxil olmuş Məmmədov Vüsal Valeh oğlu (658 bal), Musalı Erol Saleh oğlu (638 bal) və Mansurova Günel Pərviz qızı (624 bal) və mühasibat uçotu və audit ixtisasına daxil olmuş Əhmədova Ayan Hümeyir qızı (631 bal) göstərmişlər.
Tələbə Qəbulu üzrə Dövlət komissiyası