ELM VƏ TƏHSİL
RUSİYA ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL ALACAQ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ SAYI ARTIRILACAQ
Hökumətlərarası sazişə uyğun olaraq, bu ildən etibarən Rusiyanın ali məktəblərinə qəbul ediləcək Azərbaycan vətəndaşlarının sayı 24-dən 70-ə çadırılacaqdır. Bunu Rusiyanın Bakıdakı səfirliyində keçirilmiş mətbuat konfransında jurnalistlərə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının təhsil naziri Vladimir Filippov bildirmişdir.
Səfər zamanı ölkələrimizin təhsil nazirlikləri arasında iki sənəd -əməkdaşlığın genişləndirilməsi və diplomların qarşılıqlı surətdə tanınması barədə sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan Universitetinin yaradılması,- onun maliyyə təminatını Rusiya öz üzərinə götürəcək, - Rusiya ali məktəbləri filiallarının Azərbaycan ərazisində fəaliyyətinə dair danışıqlar aparılmışdır. Əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Azərbaycandakı rus məktəbləri müəllimlərinin ixtisasının artırılması üçün tədbirlər görüləcək, qardaşlaşmış məktəblər arasında əlaqələr qaydaya salınacaq, rus dilində daha çox dərsliklər göndəriləcəkdir.
Mətbuat konfransında rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, icmanın və kazak cəmiyyətinin nümayəndələri çıxış edərək, rus dilində təhsillə bağlı məsələlərə diqqətinə görə Azərbaycanın təhsil naziri Misir Mərdanova minnətdarlıqlarını bildirdilər, ölkələrimizin təhsil ocaqları arasında əməkdaşlığın yaxşılaşdırılmasına dair bir sıra təkliflər irəli sürdülər.
Vladimir Filippov MDB ölkələri və Baltikyanı ölkələrin şagirdləri üçün bu yaxınlarda Moskvada keçirilmiş rus dili üzrə beynəlxalq olimpiadanın laureatlarına diplomlar və həmin tədbirin iştirakçıları olmuş Bakı məktəblilərinə dərsliklər təqdim etdi.