SİYASƏT
RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİN DİNAMİK İNKİŞAFI HƏR İKİ ÖLKƏNİN ÜMDƏ MƏNAFELƏRİNƏ UYĞUNDUR
Məlumatda deyildiyi kimi, nazirlər yekdil fikirdə olmuşlar ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin dinamik inkişafı hər iki ölkənin ümdə mənafelərinə uyğundur, Qafqazda sülhün və sabitliyin qorunmasının mühüm amilidir. Azərbaycan və Rusiya XİN başçılarının avqustun 18-də apardıqları danışıqlarda bu ilin fevralında Moskvada yüksək səviyyədə Rusiya-Azərbaycan görüşündə əldə edilmiş və Moskva bəyannaməsində təsbit olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
S.Lavrov və E.Məmmədyarov dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hər iki ölkənin imkanlarına və tələbatına tam dolğunluğu ilə cavab verməsi üçün bu əməkdaşlığın genişləndirilməsi istiqamətində işin vacibliyinin təsdiqlənməsində də yekdil olmuşlar.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində vəziyyət də ətraflı nəzərdən keçirilmiş, Rusiya tərəfi Azərbaycanın və Ermənistanın prezidentləri və xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında dialoqun müntəzəm xarakter almasını alqışlamışdır. Rusiya tərəfi Dağlıq Qarabağ probleminin tezliklə həllində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olduğunu, habelə buna həm ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində, həm də ikitərəfli əsasda hər vasitə ilə kömək göstərməyə hazır olduğunu təsdiqləmişdir.
Beynəlxalq məsələlərin müzakirəsində əsas diqqət terrorizmlə, digər yeni təhdid və təhlükələrlə mübarizə problemlərinə, İraqda vəziyyətin tənzimlənməsinə yetirilmişdir.
RF XİN-in məlumatında deyilir ki, xarici siyasət idarələrinin başçıları MDB, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti daha da dərinləşdirmək, qarşılıqlı maraq doğuran məsələlərə dair müntəzəm məsləhətləşmələr və fikir mübadiləsi keçirmək niyyətində olduqlarını bildirmişlər.