SİYASƏT
RUSİYA MƏTBUATI PREZİDENT VLADİMİR PUTİNİN VƏ BAŞ NAZİR İLHAM ƏLİYEVİN GÖRÜŞÜNÜ MÜZAKİRƏ EDİR
Rusiya mətbuatı da Prezident Vladimir Putinin və Baş nazir İlham Əliyevin görüşünün tam mətnini və görüşdən fotoşəkillər dərc etmişlər.
“İzvestiya” qəzeti yazır ki, “Muxolatka”nın ilk qonağı Azərbaycanın Baş naziri İlham Əliyev oldu. Həm də ikiqat diqqətəlayiq haldır ki, Kreml administrasiyasının başçısı Aleksandr Voloşinin Bakıya səfərindən sonra. Kremlə əminlik lazımdır ki, Bakı seçkilərdən sonra da Rusiyanın mənafelərini tam nəzərə alacaqdır. Kremldə bu fikirdədirlər ki, son illər Moskva Azərbaycanla xoş münasibətlərin bərpası üçün xeyli qüvvə sərf etmişdir. Rusiyanın narahatlığı eşidildi, oğul Əliyev Putinlə görüşdə bəyan etdi: “Rusiya bizim strateji tərəfdaşımızdır. Bu siyasət aparılır və gələcəkdə də aparılacaqdır”. Sonra məqalədə “İzvestiya”nın mənbələrinə istinadla qeyd edilir ki, İlham Əliyevin Moskvaya səfəri seçkilərə qədər ola bilər.
“Kommersant” qəzetində isə deyilir: “İlham Əliyev prezident seçkilərində qələbəyə doğru kifayət qədər inamla gedir. Dünənki davranışından göründüyü kimi, Rusiya Prezidenti də onun bu yolunu maksimum asanlaşdırmaq niyyətindədir”. Bu qəzet də Vladimir Putinin İlham Əliyevi Moskvaya dəvət etdiyini vurğulamağı unutmamışdır.
“Vremya novostey” qəzetinin müxbiri Arkadi Dubnov yazır: “Rusiya Prezidenti aydınca anlatmışdır ki, öz müsahibini (İlham Əliyevi) dost ölkənin gələcək lideri kimi görür, Moskvaya dəvət isə qarşıdakı seçkilərdə qələbənin rəhni təsirini bağışlayır”.
“Nezavisimaya qazeta”da Prezident Vladimir Putinin və Baş nazir İlham Əliyevin müfəssəl dialoqu verilir, ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri və İlham Əliyevin qarşıdakı seçkilərdə namizədliyinin Rusiya tərəfindən dəstəklənməsi təhlil edilir.