DÜNYA
RUSİYA VƏ ABŞ PREZİDENTLƏRİ YENİ STRATEJİ MÜNASİBƏTLƏR HAQQINDA BƏYANNAMƏ İMZALAMIŞLAR
İTAR-TASS-ın verdiyi xəbərə görə, mayın 24-də Kremldə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Corc Buş iki ölkə arasında yeni strateji münasibətlər haqqında birgə bəyannamə imzalamışlar.
Sənəddə deyilir ki, hər iki dövlət raketdənmüdafiə sahəsində aşkarlığı artırmaq, habelə raketdənmüdafiə sahəsində əməkdaşlığın istiqamətlərini öyrənmək niyyətindədir.
Rusiya və ABŞ aktual problemlərə dair intensiv tərəfdaşlıq dialoqunu davam etdirməyi, demokratik dəyərlərə hörmət bəsləməyi, iqtisadi münasibətləri genişləndirməyi öhdələrinə götürürlər.
Sənədin ayrıca bir fəsli kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığa həsr edilmişdir. Tərəflər bu sahədə səyləri gücləndirmək niyyətindədirlər.
Rusiya və ABŞ Əfqanıstanda,Mərkəzi Asiyada, Abxaziya və Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması sahəsində əməkdaşlıq edəcəklər.
Tərəflər yeni Rusiya-NATO Şurasının təsis olunmasını alqışlayır və Avropa üçün raketdənmüdafiə üzrə əməli əməkdaşlığın gücləndirilməsi imkanlarını öyrənəcəklər.
Rusiya və ABŞ iqtisadi sahədə maneə və əngəllərin aradan qaldırılması üçün tədbirlər görəcəklər. Bəyannamədə iki ölkənin adamları arasında əlaqələri möhkəmlətməyin zəruriliyindən də danışılır.