ELM VƏ TƏHSİL
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlərin və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracaq
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlərin (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Bakıda keçirilən “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfransda iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Artıq həmin şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb deyə Ə.Abbasov bildirib: “Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən fəal şəkildə istifadə olunur. Bundan başqa, onlardan bir neçəsi internet şəbəkəsi vasitəsilə xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların toplanması və saxlanılması ilə məşğul olan şirkətlər ölkəmizin qanunlarına əsasən bu məlumatların saxlanılmasına dair sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir.
Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır”.