CƏMİYYƏT


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi standart vaxt zonasına keçidlə bağlı xəbərdarlıq edib

A+ A

Bakı, 30 oktyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RYTN) standart vaxt zonasına keçidlə bağlı xəbərdarlıq edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilmiş və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməmişdi. Bu səbəbdən oktyabrın son bazar günü, yəni, ayın 30-da əqrəblərin 1 saat geri çəkilməsinə ehtiyac qalmamışdır.

Lakin təəssüflər olsun ki, görülmüş işlərə baxmayaraq, bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib.

Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarını seçilməməsi səbəb olub.

Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.

Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən “avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır.

Bildiririk ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.

İstifadəçilərdən yuxarıda qeyd olunan tövsiyələri nəzərə almaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.