CƏMİYYƏT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində veteran rabitəçilərlə görüş keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamı ilə qeyd edilən Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində peşə bayramı münasibətilə veteran rabitəçilərlə görüş keçirilib.
Çoxminli rabitəçiləri peşə bayramı münasibətilə təbrik edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ötən 135 il ərzində Azərbaycan rabitəsi böyük tarixi yol keçib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində sahə üzrə bir sıra nailiyyətlərin əldə olunduğunu söyləyib və bu uğurların qazanılmasında veteran rabitəçilərin əməyini qeyd edib.
Nazir həyata keçirilən işlərdə təcrübəli veteranların dəyərli tövsiyələrini eşitməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb və onlara möhkəm cansağlığı arzulayıb.
Rabitəçi veteranlar onlara göstərilən qayğıya görə təşəkkür edib, nazirliyin bu sahənin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən məmnunluqlarını ifadə ediblər. Onlar rəqəmli televiziya yayımına keçidin təmin olunması, regional Data Mərkəzin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıblar.