İQTİSADİYYAT


Rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd ediblər [YENİLƏNİB]  VİDEO

Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illik yubileyinə həsr edilmiş poçt markası ictimaiyyətə təqdim olunub

Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Dekabrın 6-da Gəncədə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, rabitə işçiləri, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illik yubileyinə həsr olunan fotoqalereyaya baxışdan sonra Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan bir qrup rabitə işçisinə fəxri adların vəsiqələri və dövlət mükafatları təqdim edilib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bayram tədbirində çıxış edərək rabitə sahəsində çalışan əməkdaşları təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. Rabitə sahəsinin keçdiyi inkişaf yolu barədə danışan nazir bildirib ki, Azərbaycanda ilk telefon xətti dünyada telefon aparatı icad ediləndən 5 il sonra çəkilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra dövlət qurumları ilə yanaşı, Poçt və Teleqraf Nazirliyi də yaradılıb.

Qeyd edilib ki, müasir dövrdə də Azərbaycanda rabitə sahəsinin inkişafı prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Son illərdə həyata keçirilən dövlət proqramları və islahatlar İKT sektorunun inkişafına güclü təkan verib.

Bu sahədə qazanılan uğurlardan söhbət açan nazir Ramin Quluzadə deyib ki, 2013-cü ildə ölkəmiz üçün tarixi hadisə baş verib. “Azərspace-1” ilk milli telekomunikasiya peykimiz orbitə çıxarılıb. 2014-cü ildə yer səthini yüksək dəqiqliklə müşahidə edən “Azərsky” peyki Azərbaycana təhvil verilib. Hazırda əhalinin 70 faizindən çoxu internet istifadəçisidir. Bu günlərdə ölkə ərazisində rəqəmsal televiziya yayımına tam keçidə start verilib. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmət istifadəçilərinin sayı da sürətlə artmaqdadır.

Nazir rabitə sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya, eləcə də bu sektorda çalışan işçilərin əməyini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə rabitə işçiləri adından minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan rabitəsinin 135 illik tarixinə həsr olunan “Yerdən səmaya” filmi nümayiş etdirilib.

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illik yubileyi münasibətilə rabitə işçilərinə təbriklərini çatdıran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasından və son illərdə Gəncədə rabitə sahəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda iqtisadiyyatın bütün sahələri kimi, rabitə və informasiya texnologiyaları sektoru da özünün dinamik inkişaf dövrünü yaşayır.

Tədbirdə veteran rabitəçi Kamandar Allahverdiyev, “Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov və gənc startapçı Fidan Rüstəmova çıxış ediblər.

Sonda Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illik yubileyinə həsr edilmiş poçt markası ictimaiyyətə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.