REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Ağcabədidə vətəndaşları qəbul edib VİDEO
Ağcabədi, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 28-də Ağcabədi rayonunda vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Ramin Quluzadə və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra nazir Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Tədbirdə nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaratmaları ilə bağlı tapşırıqlar verib.