REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edib VİDEO
Şamaxı, 5 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.
Hər bir müraciət nazir tərəfindən diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib.
Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyat götürülüb, onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar yaradılan şərait üçün razılıqlarını bildirib, yerlərdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan ölkə başçısına minnətdarlıq ediblər.